2024-cü ilin ilk üç ayında Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 17,8 faiz səviyyəsində olub. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövründəki 13.4 faizlə müqayisədə artıb.
Məlumata görə, mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə Şabranda 45,5 faiz, Qusarda 41,3 faiz, Bakıda 30,6 faiz, Naftalanda 29,8 faiz, Saatlıda 24,8 faiz, Sabirabadda 20,8 faiz, Beyləqanda 20,4 faiz, Ağcabədidə 20,2 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.
Bəs görəsən otel və mehmanxanalarda tələbatın azalmasının səbəbi nədir?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan turizm eksperti Cabir Dövlətzadə bildirib ki, qış aylarında durğunluğun olması ənənəvidir:
“İlin ilk 2 ayı, yəni yanvar və fevral keçid aylar sayılır. Bu dövrlərdə ümumiyyətlə Azərbaycan üzrə otellərin doluluq göstəriciləri olduqca aşağı olur. Belə desək, əslində otellər qış mövsümündə 2 ay işləmirlər. Bu səbəbdən təqdim olunan statistikanı doğrulamaq olar. Düşünürəm ki, mart ayında artış daha çox olub. İkinci rübdə bu göstərici xeyli artacaq. Çünki aprel ayı çox yaxşı keçir və may, iyun ayları otellərə tələbat artaraq davam edəcək”.
Ekspert payızda baş tutacaq tədbirlərin turizm sahəsinə müsbət töhfə verəcəyini qeyd edib:
“Ölkəmizdə müvafiq olaraq, sentyabr və noyabr aylarında keçiriləcək “Formula 1” və COP29 tədbirləri də sezonun uzanmasına və müştərilərin ciddi şəkildə artımına səbəb olacaq. Nəticə olaraq demək olar ki, bu il ölkə üçün turizm sahəsində müsbət tendensiya gözlənilir. Çünki Azərbaycanda hər şeydən əvvəl turizm üçün əlverişli olan stabillik var. Ümid edirəm ki, 2025-ci ilə qədər sülh müqaviləsi imzalanmış olar və Qarabağda da turizm üçün əlverişli şəraitdən istifadə edərik. Qarabağda inşa edilmiş 2 hava limanı özlüyündə turizmin inkişafı üçün bir növ töhfədir”.
Qeyd edək ki, bəzi istifadəçilər otellərdə gizli kameralar olduğuna, şəxsi həyata müdaxilə edildiyinə görə otaqların boş qaldığını iddia edirlər. C.Dövlətzadə bu ididaları rədd edib: "Biz müştərilərimizin təhlükəsizliyinə ən yüksək səviyyədə təminat veririk".