Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə yeni təyin olunan məktəb direktorları ilə görüş keçirilib.
Ucnoqta.az xəbər verir ki, idarənin akt zalında təşkil olunmuş görüşdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Günay Mahmudova, Tədrisin keyfiyyəti sektorunun müdiri Bəhruz Nəbili, İdarənin İnzibati təşkilat sektorunun müdiri Alqış Həsrətov və yeni təyin olunan məktəb direktorları iştirak ediblər.
Görüşdə yeni təyin olunan məktəb direktorlarına tədrisin təşkili, idarəetmə, kadr münasibətlərinin tənzimlənməsi, ümumi təhsil müəssisələrində keyfiyyətə nəzarət mexanizminin təkmilləşdirilməsi, sağlam və yaradıcı mühitin təmin olunması, məktəb-ailə və müəllim-şagird münasibətlərinin inkişafı, şagirdlərin davamiyyəti, məktəblərdə təhlükəsizlik və digər məsələlər barədə tövsiyələr verilib, onları maraqlandıran suallara aydınlıq gətirilib.
Qeyd edək ki, son 2 ildə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə 94 yeni direktor təyinatı olub.