Xuliqanlıqda ittiham edilən idmançı azadlığa buraxıldı

12:52 - 24 Aprel 2024 - Xəbər

Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyevlə birgə həbs edilən tələbəsi Vüqar Kərəmov azadlığa buraxılıb.

Ucnoqta.az xəbər verir ki, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib.

V.Kərəmov haqda polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Digər təqsirləndirilən idmançıların həbs müddəti 1 ay uzadılıb. 

Qeyd edək ki, Ruslan Əfəndiyev və tələbələri - Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov ictimai yerdə bir nəfər vətəndaşa zor tətbiq edərək xuliqanlıq etməkdə ittiham edilirlər.

Məhkəmənin qərarı ilə R. Əfəndiyev, X. Rüstəmov, V. Kərəmov və R. Əsədov haqda həbs, T. Musayev və M. Məmmədov haqda isə alternativ qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə Bakının Səbail rayonu ərazisində qeydə alınıb. Onlar "Rizin" Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən mübahisə yaranıb. Bir qrup idmançı arasında dava düşüb və nəticədə adıçəkilən şəxslər digər idmançı Həsən Əzizovu döyüblər.

Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb, 4 nəfər həbs olunub.

Xəbər xətti