Ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi və aprel, may, iyun aylarında (yaz-yay gursululuq dövründə) çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə Milli Hidrometeorologiya Xidmətinin və Naxçıvan MR Hidrometeorologiya İdarəsinin mütəxəssis-hidroloqları tərəfindən ölkənin yüksək dağlıq ərazilərində aparılan qarölçmə işləri başa çatıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Xidmətin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində 36 marşrut üzrə aparılan qarölçmələr zamanı hər bir marşrut üzrə qar örtüyünün hündürlüyü, çəkisi təyin edildikdən sonra qarın sıxlığı və sululuğu müəyyən olunub.
Qarölçmə işlərinin nəticələrinə əsasən bu il qar ehtiyatı çoxillik normadan az, lakin ötən illə müqayisədə çox olub.
A.Verdiyevin sözlərinə görə, aparılan kompleks təhlillərə, o cümlədən qarda olan sululuğa və yaz-yay dövründə gözlənilən hidrometeoroloji şəraitə əsasən bu ilin yaz-yay gursululuq dövründə (aprel-iyun) çaylarda sululuğun ötən illə müqayisədə bir qədər çox olmaqla, çoxillik normaya yaxın olacağı gözlənilir.