ABŞ administrasiyası “Netzach Yehuda” batalyonundan əlavə İsrail Müdafiə Qüvvələrinin (IDF) və polisinin bir neçə digər bölməsinə sanksiya tətbiq etməyi düşünür.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti özünün Amerika mənbələrinə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, Dövlət Departamenti bir ildən artıqdır ki, Netzach Yehuda və digər bölmələrin əsgərləri tərəfindən insan hüquqlarının pozulması hallarını araşdırır. Mənbənin izah etdiyi kimi, 2022-ci ilin dekabrında İsrail Müdafiə Qüvvələri fələstinlilərlə əlaqə saxlamamaq üçün Netzach Yehuda batalyonunu İordan çayının qərb sahilindən çıxarmaq qərarına gəlib, lakin İsrail komandanlığı heç vaxt əsgər və zabitlərdən heç birini iddia edilən cinayətlərlə bağlı məsuliyyətə cəlb etməyib.
Digər qəzet mənbəsi sanksiyaların mənfi nəticələrinin kifayət qədər məhdud olacağını qeyd edib. Beləliklə, Netzach Yehuda batalyonu ABŞ Ordusu ilə təlimlərdə iştirak edə bilməyəcək. Bundan əlavə, İsrailə ABŞ-ın hərbi yardım paketi çərçivəsində verdiyi Amerika silahlarını batalyona ötürmək qadağan ediləcək. Lakin bu, İsrail komandanlığına Amerika silahlarının Təl-Əvivin öz vəsaiti ilə aldığı bölməyə ötürülməsini qadağan etmir.