İsrail bu tarixdə İrana cavab zərbəsi endirə bilər

13:16 - 15 Aprel 2024 - DÜNYA

 İsrail İranın əməliyyatına aprelin 15-də cavab verə bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) Qərb rəsmilərinə istinadən məlumat yayıb.

Eyni zamanda, nəşrin həmsöhbətləri tərəflərin regionda eskalasiyanın qarşısını ala biləcəklərinə ümid etdiklərini bildiriblər. Qəzetin yazdığına görə, yəhudi dövlətinin tərəfdaşları İranın zərbəsindən sonra böyük ziyanın olmamasından genişmiqyaslı cavabın əleyhinə arqument kimi istifadə ediblər.

İsrail rəsmilərinin qeyd etdiyi kimi, İsrail Britaniya, ABŞ və Fransa da daxil olmaqla Qərb tərəfdaşları ilə bir neçə gündür İranın Dəməşqdəki konsulluğa hücumuna mümkün cavab üçün hazırlaşırdı. WSJ yazır ki, ABŞ prezidenti Co Bayden “10 gün əvvəl” komandasına Tehranın mümkün əməliyyatı ilə bağlı yəhudi dövlətini güclü şəkildə müdafiə etməyi tapşırıb.

Eyni zamanda, qəzetin əvvəllər yazdığı kimi, ABŞ İsrailin heç bir hücum əməliyyatında iştirak etməyəcək. Vaşinqton israr edir ki, yəhudi dövləti gərginliyin daha da artmasına səbəb ola biləcək heç bir iş görmür.

Öz növbəsində, ABC News İsrail Müdafiə Qüvvələrinin sözçüsü Peter Lerner-ə istinadən xəbər verir ki, İsrail hakimiyyəti yaxın günlərdə İranın yəhudi dövlətinin ərazisinə hücumuna cavab tədbirləri ilə bağlı qərar verəcək. Onun sözlərinə görə, İsrail rəhbərliyi ya aprelin 15-də, ya da yaxın günlərdə “sonrakı addımlar barədə qərar verəcək”. Lerner deyib ki, ordu artıq İsrail hökumətinə İranın hücumuna cavab vermək üçün "geniş seçimlər" verib. İsrail ordusunun sözçüsü əlavə edib ki, ölkəsi İranı vura da, vurmaya da bilər, lakin bu variantlardan başqa “bir çox fərqli ssenarilər var”.

Xəbər xətti