Azərbaycanda aprelin 10 və 11-i Ramazan bayramı qeyd olunur.
Ucnoqta.az xatırladır ki, müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlayıb.
Ramazan ayı insanlara Allahı sevməyi öyrədir, onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir, insanları gözüaçıq, təmiz vicdanlı olmağa istiqamətləndirir və bunlar orucla ifadə olunur.
Orucluq öz tarixinə Məhəmməd Peyğəmbər (s.ə.s) tərəfindən Mədinədə bu məqsədlə Ramazan ayı keçiriləndən başlayır. Məhz Ramazan ayının sonuncu 10 gecəsinin birində "Qurani Kərim" nazil edilib. İnanca görə, bu hadisə ayın 23-dən 24-nə, ya da 26-dan 27-nə keçən gecə baş verib.
Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur. Bu il isə Ramazan bayramı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tamamilə bərpa olunduğu şəraitdə keçirilməsi ilə əlamətdardır.
Bu il Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 10-u və 11-i Azərbaycanda Ramazan bayramı qeyd edilir.
Azərbaycan məscidlərində bayram namazı isə aprelin 10-da saat 8:00 və 9:00-da qılınacaq.