Keçmiş məcburi köçkün məktəblilər Peşə Tədris Mərkəzindəki təhsil imkanları ilə tanış oldu - FOTO

18:27 - 9 Aprel 2024 - ÖLKƏ İÇİ

Keçmiş məcburi köçkün məktəblilərin Peşə Tədris Mərkəzinə ekskursiyası təşkil edilib.

Ucnoqta.az xəbər verir ki, layihə rəhbəri Nizami Əsgərovun sözlərinə görə, Kəlbəcər rayonu 56 saylı tam orta məktəbdə təhsil alan 90 şagird “Profi-Resurs” Peşə Tədris Mərkəzinə ekskursiyaya aparılıb. Şagirdlərə “Profi-Resurs” Peşə Tədris Mərkəzində tədris olunan ixtisaslarla bağlı məlumat verilib. 

Mərkəzin direktoru Ləman Fituri bildirib ki, “Profi-Resurs” Peşə Tədris Mərkəzində tələbələrə 12 ixtisas tədris olunur: “Həmin ixtisasların bir çoxu hazırda əmək bazarında ehtiyac olan ixtisaslardır. Hazırda Mərkəzdə “Bərbər-vizajist-manikürçü, Əl elektrik qaynaqçısı, Avtomobil üzrə elektrik, Avtomobil mühərriklərinin yığıcısı, Dərzi, Əməliyyatçı-mühasib, Veb dizayner və proqram təminatçısı, Avtomobil diaqnostikası və təmiri ustası, Elektrik qaz qaynaqçısı, Bərbər, Kompüterlərin təmiri və xidməti üzrə texnik, Avtomobillərin təmiri çilingəri peşələri yüksək səviyyədə öyrədilir. Tələbələr oxuduqları müddətdə mərkəzdə sahə üzrə peşəkar kimi yetişirlər”. 

Daha sonra təlimçi Gülsarə Həsənova Peşə Mərkəzlərinə qəbulla bağlı məlumat verib. Sizə paylanılan layihə çərçivəsində hazırlanan “Peşə təhsilinin üstünlükləri” adlı bukletdə Azərbaycanda peşə təhsili müəssisələri, əmək bazarında daha çox ehtiyac duyulan peşələr, peşə təhsili müəssisələrinə qəbul qaydalarının əks olunub.  Siz həmin bukletdə əmək bazarında daha çox ehtiyac duyulan peşələrlə bağlı da məlumat ala bilərsiniz. Nəzərə alın ki, bu gün peşə seçimi ilə bağlı verdiyiniz qərarlar gələcək həyatınız üçün çox önəmli olacaq. Peşə liseylərinə qəbul isə sizin IX sinfin buraxılış imtahanında topladığınız bal əsasında aparılır. Burada öyrəndiyiniz peşə bacarıqları əsasında sonradan əmək bazarında özünüzə rahat iş yeri tapa biləcəksiniz”. 

Qeyd edək ki, peşə təhsilinə maraq göstərən şagirdlərin ekskursiyası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Məcburi köçkün məktəblilər arasında peşə təhsilinin təbliği” layihəsi çərçivəsində baş tutub. Layihə çərçivəsində Kəlbəcər rayonu 56 saylı tam orta məktəbdə təhsil alan 90 şagirdin 3 qrup halında İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, “Profi-Resurs” Peşə Tədris Mərkəzi və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə ekskursiyası təşkil edilib. 
 


Xəbər xətti