Belarusda artıq hərbi xidmətə çağırışla bağlı bildirişlər SMS vasitəsilə göndəriləcək.
Ucnoqta.az xəbər verir ki, müvafiq qanunu Belarus prezidenti Aleksandr Lukaşenko imzalayıb. Yeni qanuna əsasən, mobil operatorlar hərbi xidmətə cəlb olunan müştərilərin abonent məlumatlarını təqdim etməli və SMS vasitəsilə xəbərdarlıqların göndərilməsi prosesini təmin etməlidirlər.
Sənəd parlament tərəfindən qəbul edilib və rəsmi internet portalında dərc olunub.
Gələcək çağırışçı əlaqə nömrəsinin dəyişdirilməsi barədə bir həftə əvvəl hərbi komissarlığa məlumat verməlidir.
Bundan əlavə, indi çağırış vərəqələrini təkcə hərbi komissarlıqların əməkdaşları deyil, həm də siyahısı yerli hakimiyyət orqanları tərəfindən müəyyən edilən bir sıra təşkilatların vəzifəli şəxsləri, habelə Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları da verə biləcəklər.
Gələcək çağırışçı çağırış vərəqəsini təkcə evdə deyil, həm də iş yerində və ya olduğu yerdə ala bilər.