Yaponiya aprelin 3-də baş vermiş dağıdıcı zəlzələdən sonra Tayvana 1 milyon dollar yardım edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin rəhbəri Yoko Kamikava bildirib.
Nazir qeyd edib ki, Yaponiya və Tayvan həmişə böyük dost olublar, çətin vəziyyətlərdə, o cümlədən koronavirus pandemiyası zamanı bir-birinə dəstək olublar. Bundan əlavə, nazir Noto yarımadası ərazisində baş vermiş dağıdıcı zəlzələdən sonra adanın Yaponiyaya göstərdiyi yardımı xatırladıb və bununla bağlı minnətdarlığını bildirib.
Xatırladaq ki, aprelin 3-də Tayvanda son 25 ilin ən güclü zəlzələsi baş verib. Nəticədə 10 nəfər həlak olub, 1106 nəfər yaralanıb.