90 məktəbli Peşə Təhsil Mərkəzində - FOTO

15:47 - 4 Aprel 2024 - ÖLKƏ İÇİ

Keçmiş məcburi köçkün məktəblilərin peşə mərkəzlərinə ekskursiyası davam etdirilir.

Ucnoqta.az xəbər verir ki, Kəlbəcər rayonu 56 saylı tam orta məktəbdə təhsil alan 90 şagird Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə ekskursiyaya aparılıb. Şagirdlərin ekskursiyası hər birində 30 nəfər olmaqla 3 qrup halında təşkil edilib. 

Ekskursiya zamanı layihə rəhbəri Nizami Əsgərov şagirdlərə həyata keçirilən fəaliyyətlə bağlı məlumat verib. 
N.Əsgərov qeyd edib ki, peşə liseylərinə qəbul şagirdlərin IX sinfin buraxılış imtahanında topladığı bal əsasında aparılır: “Sizə paylanılan “Peşə təhsilinin üstünlükləri” adlı bukletdə Azərbaycanda peşə təhsili müəssisələri, əmək bazarında daha çox ehtiyac duyulan peşələr, peşə təhsili müəssisələrinə qəbul qaydaları əks olunub. Bukletdə, həmçinin əmək bazarında daha çox ehtiyac duyulan peşələrlə bağlı da məlumat yer alıb”. 

Daha sonra təlimçi Gülsarə Həsənova və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Əminə Məmmədova şagirdlərə Peşə Təhsili Mərkəzində tədris olunan ixtisaslarla bağlı məlumat verib. 
Bildirilib ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tələbələrə 24 ixtisas tədris olunur. Hazırda mərkəzdə Avtomobillərin təmiri çilingəri, Avtomobil üzrə elektrik, Avtomatika sistemlərinin istismarı, Nəqliyyat vasitələrinin texniki istismarı (avtomobil üzrə), Sənaye və mülki binalarda elektrik avadanlıqlarının quraşdırılması və istismarı, Elektronika və kommunikasiya sistemlərinin istismarı, Kiber təhlükəsizlik, Proqramla idarə edilən sənaye avadanlıqlarının texniki istismarı, Sənayedə avadanlıqların quraşdırılması və texniki istismarı, Kompüter sistemlərində proqramlaşdırma peşələri öyrədilir. Bundan başqa mərkəzdə binaların tikintisi və istismarı, İnteryer dizayn, Veb dizayn və proqram təminatı, İnformasiya Kommunikasiya texnologiyaları üzrə texnik, Avtomobil mexatronikası üzrə texnik, Mebel ustası, Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, Torna və frezer dəzgahların operatoru,Veb dizayner və proqram təminatçısı, Avtomatika üzrə usta, Avtomobil diaqnostikası və təmiri ustası, Elektronika ustası, Sənayedə quraşdırma işləri üzrə usta, İnformasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi peşələri öyrədilir. Həmin peşələrin əksəriyyəti hazırda əmək bazarında ehtiyac olan ixtisaslardır.

Sonda şagirdlər Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzindəki tədris şəraiti, təhsil imkanları ilə tanış olublar. 
Qeyd edək ki, peşə təhsilinə maraq göstərən şagirdlərin ekskursiyası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Məcburi köçkün məktəblilər arasında peşə təhsilinin təbliği” layihəsi çərçivəsində baş tutur. 


Xəbər xətti