Peruda prezident Dina Boluarteyə qarşı lüks saat təhqiqatı davam edərkən, ölkənin daxili işlər naziri Viktor Torres istefa verib.
Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada Torres, "təmiz əllərlə sülh yolu ilə ayrılıram" deyərək, istefasının "ailə və sağlamlıq problemləri" ilə bağlı olduğunu bildirib.
Boluartenin evinə Baş Prokurorluğun göstərişi ilə martın 30-da basqın edilib. Polis qapını qoçla sındırıb. Əməliyyat zamanı Boulartenin var-dövlət kimi bəyan etmədiyi lüks saatlarında axtarış aparılıb.
İki həftə əvvəl Boluartenin fərqli dəbdəbəli saatlar taxması ilə bağlı Peru mediasında yayılan xəbərlərdən sonra ona qarşı ilkin istintaq başladılıb. İstintaqın məqsədi dövlət başçısına qarşı rəsmi istintaq üçün əsasların olub-olmadığını müəyyən etmək olub. Bu qədər dəbdəbəli saatı necə ala biləcəyiniz sualına Boluarte saatları 18 yaşından çalışaraq qazandığı pulla aldığını bildirib.
"Saraya təmiz əllərlə girdim, təmiz əllə çıxacağam" - Boluarte deyib.