İsrail ordusu humanitar yardımların dəniz yolu ilə daşınması üçün ABŞ-ın Qəzza zolağında tikəcəyi müvəqqəti limanın təhlükəsizliyini təmin etməyə razılaşıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Politico” qəzeti iki amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Bildirilib ki, İsrail amerikalı personal tərəfindən liman tikintisi zonasında təhlükəsizlik zonası yaratmağa, ərazini və humanitar yardımın boşaldılması və paylanmasında iştirak edənləri mühafizə etməyə razılaşıb. Nəşrin mənbələri belə bir fəaliyyət planının hələ də müzakirə olunduğunu və hələ təsdiqlənmədiyini dəqiqləşdirib. Mümkündür ki, anklavın sahilində obyektin dəqiq harada yerləşəcəyindən asılı olaraq üçüncü ölkə təhlükəsizlik yardımı göstərə bilər.
İsrail Müdafiə Qüvvələrinin nümayəndəsi nəşrə təsdiqləyib ki, hərbçilər layihənin həyata keçirilməsində şübhəsiz ki, Amerika hərbçiləri ilə koordinasiya aparacaqlar, lakin digər təfərrüatları açıqlamayıblar.