Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev Boqlarıstanla oyundan sonra müsahibə verib.
Ucnoqta.az xəbər verir ki, o, komandanın “FİFA series – Edition 2024” layihəsi çərçivəsindəki çıxışını şərh edib.
– İlk oyunu Monqolustan komandasına qarşı keçirdik. Etiraf edək ki, rəqibin səviyyəsi heç də yüksək deyildi. Daha çox Bolqarıstan kimi gücü rəqiblərlə qarşılaşmaq istərdik. Bu görüşdə çoxlu qol vəziyyətləri yaratsaq da, sonda fərqlənə bildik. Düşünmək lazım deyil ki, oyunu sonda xilas etdik. Onlar daha çox müdafiə olunub, əks-hücumlara bel bağlayırdılar. Hətta qələbə qazana bilərdik.
– İki oyun Azərbaycana nə qazandırdı?
– Bugünki oyun Azərbaycana özünəinam verdi. Biz güclü rəqiblərə qarşı oynaya bildiyimizi nümayiş etdirdik. Bunu İsveç və Avstriya ilə qarşılaşmalarda da sübuta yetirmişdik. Düzdür, Belçika komandasına böyük hesabla uduzmuşduq. Bu çox yığmanın başına gələ biləcək hadisədir. Amma hazırki heyət kifayət qədər güclüdür. Xüsusilə, “Qarabağ”ın heyətində oynayan futbolçularımız “Braqa”, “Bayer”ə qarşı yaxşı çıxış ediblər. Elvin, Toral kimi yığma üzvləri güclü rəqiblərlə başabaş mübarizə aparıblar. Bizə inanmaq lazımdır. Daha çox azarkeşin stadiona gəlib bizi dəstəkləməsini istərdim. Düzdür, buna görə, azarkeşləri də qınamaq olmaz. Hər şey bizdən asılıdır. Daha yaxşı nəticələr qazanıb, onların stadionua gəlməsinə nail olmaq lazımdır.
– Səncə, azarkeşlərin stadionlara az gəlməsinin səbəbi nədir?
– İlk səbəb bizik. Azarkeşlər oyunlara gəlmirsə, günahkar bizik. “Qarabağ”ı misal çəkə bilərəm. Komanda daha yaxşı nəticələr qazadıqca, azarkeşlər tribunları doldurur. Bu gün soyuqda mən də evdə televizor qarşısında oturub futbola baxmağa üstünlük verərdim. Onları qınamıram.
– Gürcüstan klub səviyyəsində ölkəmizin etdiklərinə nail olmayıb. Əvəzində onların yığması Avropa çempionatına çıxa bilər.
– Biz onlardan geridə qalmırıq. Heç Qazaxıstandan da zəif deyilik. Bir az vaxta ehtiyac var. Uğur qazanmaq üçün çox şey tələb olunur. Bu, 1-2 amildən asılı deyil. Gürcüstanın heyətinə baxsaq, bütün oyunçular xaricdə çıxış edir.
– Bizim futbolçular da ölkə xaricində çıxış edir…
– Onların çıxış etdikləri klublara baxın. Avropa aparıcı çempionatlarında oynayan futbolçuları var. Bizə bir vaxt lazımdır.
– De Byazinin gedişindən sonra yığmada nə dəyişib?
– Arif Əsədov italiyalı mütəxəssislə birlikdə işləyib. Bu gün Arif müəllim De Byazinin taktiki gedişlərindən də istifadə edir. Daha çox əvvəl olduğu kimi, 4-2-1-3 sxeminə üstünlük verdik. Düzdür, Arif müəllim bəzi əlavələr edib. Məncə, yığma bu gün yaxşı oyun nümayiş etdirdik.
– “Qarabağ”ın oyunlarını izləyərkən, komandanı tərk etdiyin üçün təəssüf hissi keçirirsən?
– Yox. Əlbəttə, “Qarabağ”ın uğurlarına çox sevinirəm. Xüsusilə, “Braqa” ilə ev qarşılaşmasını komanda yoldaşımla izləyirdim. O, mənim necə həyəcan keçirdiyimi hiss edirdi.
– Bəzən səhvlər edərkən tənqidlərlə üzləşirsən, buna necə münasibət bəsləyirsən?
– Qapıçı mövqeyi elədir ki, istənilən səhv diqqəti çəkir. Mən isə risk etməyi sevirəm. Buraxdığım səhvlərin fərqinə varıram. Hələ də “Vikroriya” (Plzen) ilə oyundakı səhvi unutmaq çətindir. Həqiqətən ciddi səhvə yol verdim. Digərlərini isə izah etmək çətindir. Bəzən 100 zərbə olsa qaytara bələcəyim topları buraxmışam.
– Qurban Qurbanov həmişə sənə dəstək olurdu. Bəs, “Adana Dəmirspor”da bu baxımdan vəziyyət nə yerdədir?
– Çox böyük fərq var. Qurban hocanı kimləsə müqayisə etmək olmaz. Həm insan, həm məşqçi kimi. Tək mən yox, hamı onun haqqında belə fikirləşir. Siz məşq prosesini izləmirsiz. Uğursuz nəticələrdən sonra o hamıya xüsusi diqqət yetirir, dəstək verir.
– Sənin fikrincə, yığmanın baş məşqçisi yerli, yoxsa əcnəbi olmalıdır?
– Bu suala cavab vermək çox çətindir. Yığma üçün əlimdən gələni etməyə hazıram. Baş məşqçinin kim olmasının əhəmiyyəti yoxdur, əsas komanda uğurlu nəticə qazansın. Hazırda millidə əla nəsil çıxış edir. Musa İsveçdə, Ramil, Renat Türkiyədə çıxış edir. Bundan sonra “Qarabağ”ın futbolçularını qeyd edə bilərəm. Uğurlu nəticə qazanacağımıza inanıram.///idman.biz