Bu gün XTQ şəhidi Pəncəli Teymurovun doğum günüdür.
Ucnoqta.az xəbər verir ki, Pəncəli Teymurov 1981-ci ilin 24 mart tarixində Astara rayonunun Əzərüd kəndində anadan olub.
1986-1998-ci illərdə Astara rayonu, B.Rüstəmov Asxanakəran tam orta məktəbində orta təhsil alıb.1999-cu ildə Astara Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
Hərbi xidmət zamanı kəşfiyyatçı peşəsinə yiyələnmiş və hərbi hissənin ən mahir kəşfiyyatçısı olub.
Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini yenicə yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda davam etdirib və 17 il Azərbaycan ordusunda şərəflə xidmət edib.
Pəncəli 11 yaşında, 1992-ci ildə baş vermiş Xocalı soyqırımının kadrlarını izləyəndə hərbçi olacağına və düşməndən intiqam alacağına söz vermişdi.
O, illər sonra sözünü tutur. Xocalı faciəsi zamanı azərbaycanlıları öldürən erməni hərbçi general rütbəsi almağa gedərkən Pəncəli Teymurov onu izləyir və əlverişli məqamda məhv edir. Bu olay erməni ordusunu lərzəyə salır, böyük çaxnaşma yaradır.
Pəncəlinin qəhrəmanlığı bununla da bitmir. 2015-ci ildə kəşfiyyat qrupu ilə Kəlbəcərə keçən Pəncəli 4 erməni zabirin və 20 əsgərin olduğu “Ural” markalı maşını partladaraq onların hamısını məhv edir.
Bu qəhrəmanlıqlardan sonra ermənilər igidimizin başına bir milyard dram qoyurlar, lakin nə qədər cəhd etsələr də, onu ələ keçirə bilmirlər.
Hətta bir dəfə erməni hərbçiləri Pəncəlini tutmaq üçün pusquya salırlar, o isə 21 gündən sora pusqudan çıxaraq növbəti dəfə düşməni şoka salır.
Pəncəli Teymurov 2013-cü il avqust ayında ailə həyatı qurarkən özünə şəhid olmağı, üçrəngli Azərbaycan bayrağına bükülərək dəfn olunmağı arzulayıb:
"Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil.Amma mən sidq ürəklə deyirəm. Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan,qanımdan keçməyə hazıram. Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum, tabutum Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın".
Gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında erməni təxribatı zamanı Tərtər istiqamətində düşmənlə döyüşə girmiş və döyüş dostları- Murad Mirzəyev, Samid İmanov, Mühüd Orucovla birgə Talış yüksəkliklərinin alınmasında və Talışda çoxlu sayda düşmənin məhv edilməsində şəxsi igidliyi ilə fərqlənmiş və 03 aprel 2016-cı il tarixdə son damla qanına qədər vuruşaraq qəhrəmancasına şəhid olub.
Aprel döyüşlərindəki misilsiz şücaətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə şəhid gizir Pəncəli Nurməmməd oğlu Teymurov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.
Allah rəhmət eləsin! Hörmət və ehtiramla anırıq!