19 yaşlı bərbər necə terrorçu oldu? - DİNDİRİLMƏ ANI

20:37 - 23 Mart 2024 - DÜNYA

Moskva vilayətindəki “Crocus City Hall” konsert zalında terror aktı törətməkdə şübhəli bilinən şəxslər paytaxtın şimalında yerləşən “Okruzjnoy” otelində qalıblar.  Rusiya mediası həmin oteldən görüntüləri dərc edib. 

Otel sahibi deyib ki,  onlar martın əvvəlində otaq götürüblər, özlərini bu günlərdə sakit aparıblar, həmişə salam verib gülümsəyiblər, “nəzakətli və  gülərüz” olublar. Oteldə onlar Tacikistan pasportları ilə qeydiyyatda olublar.  

Onlar otel rəhbərliyi ilə rus dilini digərlərindən daha yaxşı bilən 19 yaşlı bərbər vasitəsilə əlaqə saxlayıblar. Söhbət terrorçulardan biri, əvvəllər İvanovo vilayətində, sonra isə Teykov şəhərində bərbər işləyən 19 yaşlı Məhəmməd Fayzovdan gedir. Həbs zamanı həmin şəxs xəsarət alıb. O, xəstəxanada əməliyyat olunub.

Tacikin işlədiyi kişi salonunun qadın direktoru mk.ru-ya deyib ki, səhər saatlarından qəzəbli mesajlar alır, salonun telefonları susmur. “Bütün günü bizə zəng edirlər, hədə-qorxu gəlirlər, həyatım üçün qorxuram”,- deyə  baş direktor şikayətlənib. Onun sözlərinə görə, Fayzov onun salonunda üç aydan bir az işləyib. Noyabrda işə düzəlib,  yanvarın 11-də işdən çıxıb.

“Onun haqqında şübhəli nəsə görmüsünüz” sualına qadın belə cavab verib: “Onun haqqında şübhəli heç nə hiss etmədik. O, yaxşı usta sayılırdı, əvvəllər İvanovo bərbərxanasında işləyib. Bir vaxtlar İvanovoda yaşayırdı, sonra bizim kiçik Teykovo şəhərinə köçdü və bizimlə işə düzəldi. Biz onu həqiqətən tanımırdıq. Deyirdi ki, tək yaşayır, ailəsi yoxdur. O, yoxsulluq içində yaşamırdı, heç nəyə ehtiyacı yox idi. Bahalı telefon işlədirdi. Adamın başında nə olduğunu bilmirəm. Onda heç bir qəribəlik hiss etmədim.  Mən hamiləyəm, nə edəcəyimi bilmirəm. Çölə çıxmağa qorxuram. İndi ifadə vermək üçün istintaq komitəsinə gedəcəyik”.

Qeyd edək ki, Rusiya İstintaq Komitəsinin təqdim etdiyi son məlumatlara görə, “Krokus Siti Holl”da törədilən terror aktı nəticəsində ölənlərin sayı 115 nəfərə çatıb. Dağıntılar təmizlənərkən onlarla qurbanın cəsədi aşkarlanıb. İlkin məlumata görə, ölümə səbəb güllə yaraları və dəm qazından zəhərlənmə olub. Faciə qurbanlarının sayının artmaqda davam edəcəyi gözlənilir.

Ucnoqta.az xəbər verir ki, Rusiya mətbuatı terrorda şübhəli bilinən yaralı 19 yaşlı Fayzov Məhəmmədsobirlə reanimasiyada müsahibənin videosunu dərc edib.

///Musavat.com 

Xəbər xətti