Bişkekdə Qırğızıstan rəhbərliyinə sui-qəsd hazırlamaqda şübhəli bilinən 5 Azərbaycan vətəndaşı saxlanılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi (MTN) məlumat yayıb.
Məlumata görə, saxlanılanların hamısı mütəşəkkil cinayətkar qrupların fəaliyyətində iştirak edir.
Eyni zamanda, Milli Təhlükəsizlik Dövlət Komitəsi şübhəlilərin “dövlətlərarası axtarışda ola biləcəyini” ehtimal edir. Saxlanılanların siyahısına “transmilli mütəşəkkil dəstələrin üzvləri V. M. Əliyev, S. A. Bağırov, M. O. Əsgərov, M. S. Behbudrov və Z. İ. Məmmədov” daxildir. Əsgərov kriminal aləmdə "Avara" ləqəbi ilə tanınır.
"Yuxarıda adı çəkilən şəxslərin hamısı saxlanılıb. Hazırda onların qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir", - məlumatda vurğulanır.
Milli Təhlükəsizlik Dövlət Komitəsi həmçinin hesab edir ki, Qırğızıstan xüsusi xidmət orqanlarının məlumatına görə, hazırda Azərbaycan ərazisində olan Qırğızıstan Gömrük Xidmətinin keçmiş rəis müavini Raiymbek Matraimovun bu işdə əli ola bilər.