Xankəndi şəhərində erməni separatizmindən qalan yad-yabançı ruhlar

18:02 - 22 Mart 2024 - SİYASƏT

Cənab Prezident onları da son mismarını vurduğu erməni separatizmin tabutu ilə Novruz tonqalında yandırıb kül etdi

Dövlətimizin başçısı cənab İlham Əliyev növbəti dəfə Novruz tonqalını alovlandırdı və Azərbaycan xalqını əziz və milli bayramımız münasibətilə təbrik etdi. Ünvanın bu dəfə ərazi bütövlüyü və suverenliyimizin bərpasının son nöqtəsi olan Xankəndinin seçilməsi prezidentin möhtəşəm müraciətinə əlavə özəllik və gözəllik gətirmişdi. Necə ki, növbədənkənar prezident seçkilərində bu azad şəhərimizdə səsvermədə iştirak edərək özünün də qeyd etdiyi kimi, seçki qutusuna atdığı yalnız bir bülleten deyil, erməni separatizmin tabutuna vurulan son mismar idisə, eləcə də onun alovlandırdığı Novruz tonqalında alışıb yanan odun parçaları ilə birlikdə, yaxın-uzaq keçmişindən qalan acı xatirələr və bir də ermənidən çox ermənilik edənlərin gələcəyə az da olsa xəyal etdiklərin boş-mənasız ümüdlər idi.

Axı, İlaxır çərşənbə və Novruz bayramı ilə bağlı yerinə yetirdiyimiz rituallardan biri də tonqal qalayıb, "Ağırlığım, uğurluğum odlara, Tonqaldan atlanmayan yadlara. Yaxud: Ağrım, uğrum tökülsün, Oda düşüb kül olsun və sair” deyərək üzərindən atlanmaqdır. Bu baxımdan Xankəndi və işğaldan azad etdiyimiz digər şəhər, kənd və qəsəbələrdə qalanan Novruz tonqallarını həm də erməni seperatizmindən qalan yad-yabançi ruhlarının, pis-şər qüvvələrinin yandırılması kimi dəyərləndirmək tam yerinə düşər. 

Sözün əsl mənasında Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı ilə həyata keçirilən İkinci Qarabağ müharibəsi və qısamüddətli lokal antiterror əməliyyatı nəticəsində azad olunan əzəli tarixi torpaqlarımıza yaz ətri, bahar təravəti gəlmiş və bu torpaqlarda görünməmiş tikinti-quruculuq işlərinin aparılması təkcə öz dədə-baba torpaqlarından didərgin düşmün keçmiş köçkünləri deyil, hamımızı indiyə qədər heç vaxt yaşamadığımız sevincə qərq edib. Doğurdan da bundan böyük xoşbəxtlik təsəvvür etmək çətindir.

Cənab Prezidentin də qeyd etdiyi kimi əfsuslar olsun ki, İkinci Qarabağ müharibəsinin nəticələri bəd niyyətli qonşularımıza və onların havadarlarına dərs olmadı. Əks halda əgər dərs çıxarsaydılar, o zaman antiterror əməliyyatının keçirilməsinə ehtiyac qalmazdı və indinin özündə Qarabağımızın dağlıq bölgəsinin erməni vətəndaşları Azərbaycan vətəndaşlıq pasportlarını almaqla öz evlərində sakit həyat tərzlərini sürdürməkdə idilər. Ancaq burunlarından qabağı görməyən bu “zadlar” öz olmayan başlarından böyük düşünmələrinin, boş xəyal qurmaqlarının  qurbanlarına çevrildilər. Dünən dənizdən-dənizə “Böyük Ermənistan” xülyaları ilə növbəti 100 illik planlar quranların başsız başbilənlərinin bir hissəsi dəmir barmaqlıqlar arasında haqlarında çıxarılacaq hökmləri gözləyirlər. Bunların girovuna çevrilən və bu torpaqlardan didərgin düşənlərin isə sabaha ümüdləri qalmayıb.

Dövlət başçımızın alışdırdığı tonqalın yeri də təsadüfü seçilməmişdi. Təsəvvür edə bilirsinizmi, uzun illər ərzində bu meydan separatçıların çirkili oyunlarının, qara niyyətlərinin, kirli planlarının hazırlanıb həyata keçirildiyi bir yer idi. Müzəffər Komandanımız məhz boşboğaz separatçı başlarının vaxtı ilə “miatsum”, nə bilim “Azad Artsax” (əslində sarsax-Ə.S) deyə qışqırdıqları bu yerə “Zəfər Meydanı” adı verdi ki, bu yerlərə işdi-şayət qayıdan ermənilər “Dəmir Yumruğ”un gətirdiyi zəfər onlara dərs olsun. Əgər bir də belə xam xəyallara düşsələr, bilsinlər ki, başlarını əzən həmin yumruq heç yana getməyib, yerində elə o meydanda durur. 

Cənab Prezident öz bayram təbrikində təkcə xalqımıza öz arzularını çatdırmadı, həm də bu yerlərin əsrlər boyu erməni torpağı olması yalanlarını dilə gətirməkdən yorulmayanlara tarixi həqiqətlərin dili ilə xatırlatdı ki, ay mayası fitnə-fəsadla yoğrulanlar, yəni sizlərə bu qədər çətindir ki, başa düşəsiniz Xankəndi qədim Azərbaycan torpağıdır. Bəli, birinci şəxsin dilindən eşitdiniz ki, bu şəhər Pənahəli xan tərəfindən salınmışdır: “Ancaq əfsuslar olsun ki, keçən əsrin 20-ci illərinin əvvəllərində tamamilə əsassız, heç bir hüquqi, siyasi və demoqrafik əsası olmadan burada muxtar vilayət yaradılmışdır və ondan sonra xalqımızın problemləri də başlamışdır”. Xatırlayırsınızsa, Ümummilli lider Heydər Əliyev də vaxtında “Dağlıq Qarabağ Muxtar Vilayətini yaratmaq Azərbaycanın içərisinə bir bomba qoymaq kimi bir şey idi” demişdir. Həqiqətən, 1923-cü ildə sovet hakimiyyətinin ən yanlış, bölücü və separatçı qərarlarından biri kimi bu Vilayətin yaradılmasından sonra Ermənistan onilliklər boyu bu ərazinin Azərbaycandan qoparılması üçün dəridən-qabıqdan çıxmışdılar. Amma əvvəl dahi liderin uzaqgörən siyasəti, sonra isə bu siyasətin layiqli davamçısı İlham Əliyevin məqsədyönlü, misilsiz işləri ilə bu “qara yara” bir dəfəlik kəsilib atıldı.

İndi bu acı xatirələr bizim üçün tarixdir. Baxmayaraq ki, bağlanmış bu mövzu erməni millətçiləri üçün yenə də ümüd olaraq qalır. Məsələn, Ermənistanın keçmiş xarici işlər naziri və deputatı Vardan Oskanyan bu günlərdə deyib ki, əgər Ermənistanın indiki rəhbərliyi Qazaxın 4 kəndi geri verməyə hazırlaşırsa, onda Azərbaycanın qarşısına Qarabağa muxtar vilayət statusunun qaytarılması tələbini də qoymalıdır. Həyasızlığın, üzsüzlüyün həddinə bir baxın. Bütün faciələrimizə səbəb olan Dağlıq Qarabağı yenə Vilayət edəcəyik və "artsax" ermənilərinin öz evlərinə qaytarılması məsələsini reallığa çevirmək şansı yaradacağıq. Olmayacaq bir şeyi deyirlər və özlərini də dediklərinə inandırmağa çalışırlar. Neyləsinlər, ac toyuq yuxusunda ancaq darı görər. Az bir ehtimalla, “Sarsax” sakinlərindən kimsə bu torpaqlarımıza qayıda bilər, o da cinayətlərdə əlləri olmayanlar.

Görmürsünüz ki, kimin Xocalı, Qaradağlı, Malıbəyli, Quşçular, Başlıbelli və daha neçə-neçə qanlı hadisələrində əli qana batıb, onların bir hissəsini yaxalayıb ədalətin mühakiməsinə cəlb etmişik, şübhəniz olmasın, qalanları da yaxalanacaq. Daha kütləvi şəkildə qayıdıb, yenidən bu torpaqlarda separatizmlə məşğul olacağınızı xəyal edirsinizsə, bu sevdaya düşməyin, yaxud bu mərəzdən xilas ola bilmirsinizsə, ilaki bu ideyalarınızı həyata keçirmək istəyirsinizsə, sizlərə qucaq açan Fransız bacılarınızın torpaqlarına üz tutun, ora da istəyirsiniz müstəqil respublika və ya Muxtar Vilayət yaradın. O zaman heç narahat olmayın, yaradacağınız dövləti ilk tanıyan da biz olacağıq. Qarabağı isə tamamilə unudun. O dünən də, bu gün də, sabah da Azərbaycan olaraq qalacaq!

Əfsun Sucayev
YAP İdarə Heyətinin üzvü,
k.e.d., professor

Xəbər xətti