İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

16:19 - 21 Mart 2024 - ÖLKƏ İÇİ

Martın 20-da saat 23:36-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Ucnoqta.az-a bildiriblər ki, keçirilmiş sərhəd axtarışı nəticəsində Araz çayının sahilində qamışlıq ərazidə 1 (bir) ədəd rezin qayıq aşkar olunub.

Qayığa baxış zamanı ümumi çəkisi 102 kiloqram narkotik vasitə (89 kq 940 qram marixuana, 4 kiloqram 660 qram heroin, 7 kq 400 qram metamfetamin) və 8010 ədəd narkotik tərkibli güclü təsiredici Metadon M 40 həbləri aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər xətti