Azad olunmuş ərazilərdə qəbiristanlıqların bərpasına başlanılmalıdır - Deputat

17:00 - 15 Mart 2024 - ÖLKƏ İÇİ

İşğaldan azad olunmuş ərazilərdə qəbiristanlıqların bərpası prosesinə başlanılmalıdır.

Ucnoqta.az xəbər verir ki, bu təkliflə deputat Ceyhun Məmmədov parlamentin bu gün keçirilən iclasında çıxış edib.

O qeyd edib ki, bəzi qəbiristanlıqlarda sümüklər açıq-aydın ortada qalıb.

“Bu baxımdan, qəbiristanlıqların bərpasını mümkün qədər sürətləndirməliyik. Çoxsaylı müraciətlər nəzərə alınaraq, mərhələli şəkildə dünyasını dəyişmiş məcburi köçkünlərin öz doğma yurdlarında, minalardan təmizlənmiş ərazilərdə dəfninə şərait yaradılmalıdır.

Cocuq Mərcanlıda, Lələ-Təpə yüksəkliyində muzeyin yaradılması işinə başlanılıb. Bu məkanın Azərbaycan tarixində özünəməxsus yeri var. Bu tarixin əbədiləşdirilməsi baxımından bu məsələ çox önəmlidir”, - deyə deputat bildirib.

O, Respublikanın ayrı-ayrı bölgələrində müxtəlif səbəblərdən bağlı olan məscidlərin fəaliyyətinin mərhələli şəkildə bərpa edilməsini təklif edib.

“Ölkəmizdə milli-mənəvi dəyərlərimizin təbliği baxımından bu məscidlərin fəaliyyəti xüsusi önəm daşıyır”, - deyə deputat əlavə edib.

Xəbər xətti