"Futbolçularıma təşəkkür edirəm. Ağır mübarizə oldu. Azərkeşlərə bizimlə olduqları üçün təşəkkür edirəm. Xabi Alonsonu təbrik edirəm ki, növbəti mərhələyə keçdi. Həm "Bayer"ə, həm də özümüzə uğurlar arzu edirəm".
Ucnoqta.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1/8 finalında "Bayer"lə cavab oyunundan (2:3, ilk oyun - 2:2) sonra mətbuat konfransında deyib.
O, "Qarabağ"ın və Azərbaycan futbolunun daha çox təcrübəyə ehtiyacının olduğunu deyib: "Bəlkə də çox müzakirə etmək düzgün olmaz. Şansımız var idi. Daha çox bu mərhələlərə çıxmalıyıq, təcrübə toplamalıyıq. Bu cür rəqiblərə qarşı fiziki cəhətdən hazır olmalıyıq. Azərbaycan çempionatının, klubumuzun yaşı azdır. Bir neçə klubumuz bu kimi turnirlərdə çıxış etməlidir. Görünür ki, üzərimizdə çox işləməliyik. Belə oyunlarda bir səhv bu kimi nəticələrə gətirib çıxarır. Bu gün "Qarabağ"ın futbol səviyyəsi "Bayer"dən aşağıdır. Amma rəqibdən çəkinmədik. Daha çox işləmək lazımdır. Digər klubların səviyyəsi də yüksəlməlidir".
Mütəxəssis bu cür oyunların təcrübə baxımından gələcəkdə komandaya fayda verəcəyini söyləyib: "Belə oyunlar mənə və oyunçulara təcrübə verir. Futbolun hansı səviyyədə olduğunu gördük. Böyük oyunlarda bəzən elə elementlər olur ki, matçın taleyini həll edir. "Bayer"ə qalib gəlməyə 2 qol bəs etmədi. Ümumən təcrübə qazandıq. Bəzən oyunçuya təzyiq olmayanda böyük futbol haqda düşünmür. Amma bu gün dinamikanı hiss etdik və necə yaxşılaşdırmalıyıq, onu öyrəndik. "Bayer"in bazasında olanda çox şeyi qeyd etdim. Bunu da özümüzdə yerinə yetirməyə çalışacağıq. Təcrübəmi, elmimi artırmalı, üzərimdə daha çox işləməliyəm".
O, "Qarabağ"ın heyətinin avrokuboklar üçün kasad olub-olmamasından da danışıb:
"Hər şeyə real baxmalıyıq. Bəlkə də bundan bir az artığına gücümüz çatar. İki eyni səviyyədə heyəti qorumaq çətindir. Çünki futbolçuların kaprizini bilirsiniz. Hamı oynamaq istəyir. Amma bəzən onlardan istifadə edə bilmirik. Avropa komandalarının bir çoxunda 14-15 eyni səviyyədə futbolçu olur. Gördüyünüz kimi, əlimizdə olandan istifadə etməyə çalışırıq. Futbolumuz üçün görüləcək işlər çoxdur".
Q.Qurbanov azarkeşlərin üzülməsinə görə məyus olduğunu bildirib: "Azarkeşlərimiz müxtəlif ölkələrdən gəlib bizi dəstəkləyirlər. Özümə görə yox, azarkeşlərə və futbolçulara görə üzülürəm. Oyundan əvvəl çox inanırdılar. Azərbaycanda futbolu sevirlər. Onları stadiona cəlb etmək lazımdır. İşimizdə məsuliyyətli olmalıyıq. Məğlub olduq, amma azarkeşlərə güvən vermişik. Futbolun qaçılmaz epizodlarə var. Təbii ki, düşünürük ki, filan epizod olmasaydı, qələbə qazana bilərdik. Amma qarşımızdakı komanda da bəlkə də bunu 10-15 il əvvəl yaşayıb və hazırlıqlıdırlar. Səhvlər bizi daha çox böyüdəcək. Gələcəkdə də nəticələri yaxşılaşdırmağa çalışacağıq. Bu gün nədəsə zəif ola bilərik, amma inamımız varsa, böyük komandalara qarşı çəkinmədən mübarizə aparacağıq.///qol.az