“Yaşıl dünya naminə həmrəylik” ili çərçivəsində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin dəstəyi və Şəki regional “ASAN xidmət” mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən “Tullantıdan İncəsənətə” adlı müsabiqəyə yekun vurulub.
Ucnoqta.az xəbər verir ki, sərgidə Şəki rayonunun ümumi təhsil məktəbləri, universitet və kolleclər də daxil olmaqla ümumilikdə 25 təhsil müəssisəsi iştirak edib.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Günay Mahmudova, Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Elman İmamverdiyev, Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Səbahət Bağırova, Şəki regional “ASAN xidmət” mərkəzinin direktoru münsif heyətində iştirak ediblər.
Sərgidə şagirdlər tərəfindən kağız, plastik kütlə, rezin məmulat və müxtəlif məişət tullantılarından istifadə etməklə hazırlanmış incəsənət nümunələrinə baxış keçirilib, müsiflərin qərarına əsasən, Şəki şəhər 21 nömrəli tam orta məktəb I yerə, Rasim Ocaqov adına Şəki şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzi II yerə və Şəki rayon Şorsu kənd tam orta məktəb isə III yerə layiq görülüb.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd ekoloji maarifləndirilmə sahəsində məktəblilərin bilik və bacarıqlarını artırmaq, yaradıcı qabiliyyətlərini üzə çıxarmaq, ətraf mühitin qorumaq və ekoloji problemlərin həlli yollarının araşdırılmasına kömək etməkdən ibarətdir.