Azərbaycanın qeyri-neft ixracatı niyə azalıb?

10:13 - 14 Mart 2024 - İQTİSADİYYAT

2024-cü ilin yanvar ayında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni ayı ilə müqayisədə faktiki qiymətlərlə 22,0 faiz,real ifadədə 30,0 faiz azalaraq 222,0 milyon dollar olub. Dövlət Statistika Komitəsi bununla bağlı açıqlama yayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, qeyri neft-qaz ixracatındakı aylıq azalma daha çox mövsümi faktorlar ilə bağlı olsa da digər iqtisadi səbəblər də dövriyəyə təsirsiz ötüşməyib: 

"Belə ki, 2022 və 2023-cü illərdə qeyri neft-qaz ixracatının dəyərinə regiondakı inflyasiya səviyyəsi də təsir göstərirdi. İxrac bazarlarımızdakı yüksək inflyasiya məhsulların dəyərini həcm ilə müqaysiədə daha çox artırırdı. 2023-cü ilin payız aylarından başlayaraq isə qlobal və regional inflyasiya səviyyəsində azalmalar müşahidə olundu ki, bu da ümumi ixracın dəyərinə təsir göstərdi.

Digər tərəfdən, daha çox məhsul ixrac etdiyimiz bazarlarda alıcılıq qabiliyyəti və milli valyutaların məzənnələri də ixrac dövriyyəsinə təsir göstərir. Belə ki, qeyri neft-qaz məhsulları ixracatının 55.4 faizi iki ölkənin payına düşüb. Neftsiz ixracatın 34 faizi Rusiya, 21.4 faizi isə Türkiyəyə yönəlib".

Deputat qeyd edir ki, bunlar ilə yanaşı, kənd təsərrüfatı mövsümünün başlanmasının yenidən Azərbaycanın qeyri-neft ixracatını artıracağı istisna deyil: 

"Bütün hallarda qeyri neft-qaz ixracatının strukturunun və ixrac bazarlarının şaxələndirilməsi prioritet olaraq qalmaqdadır".

Xəbər xətti