"Həmin mövqedə başqa futbolçulardan istifadə edə bilərik" - Qurban Qurbanov

21:44 - 13 Mart 2024 - İDMAN

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun “Bayer 04”lə Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunundan öncə mətbuat konfransı keçirilib.

Ucnoqta.az xəbər verir ki, o, əvvəlcə sabahkı matç haqqında danışıb:

“Bizim üçün çox vacib oyundur. Son vaxtların ən formada olan komandasına qarşı mübarizə aparacağıq. Cavab oyununda daha diqqətli olmalıyıq. Bu stadionda çıxış etmək xoşdur. Oyun haqqında hazırda çox fikir bildirməyə ehtiyac yoxdur. Qeyd etdiyim kimi çox keyfiyyətli bir komandaya qarşı oynayacağıq və çalışımalıyıq ki, sabah 90 dəqiqə diqqətli olmalıyıq.

 Xabi Alonso “Qarabağ”dan qorxmadığını bildirib. Sizin oyun qabağı əhval-ruhiyyəniz necədir?

– Qorxmadığını deyəndə ki, ümumiyyətlə, futbolda, idmanda bu geniş işlənən bir ifadədir – çəkinmirik, qorxmuruq. Bu komandanın özünəinamını, motivasiyasını göstərir. Əlbəttə ki, biz də rəqibə eyni cür yanaşırıq.

-Juninyo zədələndikdən sonra belə bir sual yarandı ki, “Qarabağ”da onu layiqincə əvəzləyəcək hücumçu varmı? Bundan başqa, “Qarabağ” hücum xəttinə kimisə dəvət edə bilərmi? Məsələn, ötən mövsüm ən çox qol vurmuş Musa Qurbanlını? 

-Juninyo hələ bilinmir sabah əsas heyətdə olacaq, ya yox. Sabah həkimlərin nəzarətindən keçəcək. Məncə, bu dəqiqə bu cür düşünməyə ehtiyac yoxdur. Başqa hücumçu dəvət etmək və ya onu kim əvəzləyəcək. Hazırda komandada yetərincə futbolçu var. Həmin mövqedə başqa futbolçulardan istifadə edə bilərik. Musanın komandaya qayıtması aktual mövzu deyil. Bu mövzu yay transfer pəncərəsinə kimi müzakirə edilə bilməz.

-Bu rəqiblə dördüncü dəfə qarşılaşacağıq və getdikcə bu komandaya daha ciddi müqavimət göstəririk. İlk oyunun nəticəsini nəzərə alsaq, sabah istənilən ssenari ola bilər. Bunlardan biri də əlavə vaxt və oyunsonrası penalti zərbələridir. Birinci oyundan sonra bildirmişdiz ki, komanda çox ağır qrafikdə gedir, fiziki cəhətdən güc çatmır. Bir qədər əvvəl qeyd etdiyim ssenaridə güc lazım olacaq. Bütün bunları nəzərə alaraq nə deyə bilərsiz? 

-Bəli, biz çox sıx qrafikdə çıxış edirik. Amma “Bayer” də son 20 gündə çox sıx qrafikdə olub. Son vaxtlar onların hazırlığı daha yaxşıdır. Mən heç vaxt futbolçularıma sırf əlavə vaxt və ya penaltilər seriyasına hazırlaşmağı tapşırmamışam. Amma məşq proseslərimizdə ayda bir-iki dəfə bunun üzərində çalışırıq. İndi onları buna hazırlamaq psixoloji basqı ola bilər. Belə halları oyunun gedişində düşünmək daha doğrudur. Biz 90 dəqiqəyə motivasiya olub meydana çıxırıq. 120 dəqiqə oynamaq təcrübəmiz də var. Dəfələrlə bu situasiya ilə rastlaşmışıq. Çox istərdim ki, hər şey 90 dəqiqədə həll olunsun. Kim qalib gəlsə, fərq etməz. Futbolçuları nəzərə almaq lazımdır. Son illərdə futbol elə hala gəlib çıxıb ki, oyun sayı həddindən artıq çoxdur. İstirahət etməyə vaxt olmur. Sabah Bakıdakı oyunu daha da yaxşılaşdırmağa çalışacağıq.

– Bu mərhələyə kimi gəlmək sizə hansı yeni təcrübələr qazandırdı?

– Məncə, çox böyük təcrübə oldu. Zədəlilərimiz oldu, bəzi transferlərimiz gecikdi. Çox güc sərf etdik, komandanı formalaşdıra bildik. Bəzi risklərə getdik. Tək mənə yox, Azərbaycan futboluna böyük təcrübə oldu. Son vaxtlar Azərbaycanda futbol daha da çox sevilir. Bunları görəndə bizim məsuliyyətimiz daha da artır.///Msport.az

Xəbər xətti