Azərbaycanda ən ağır su çatışmazlığı olan region açıqlandı

18:02 - 13 Mart 2024 - ÖLKƏ İÇİ

Azərbaycanda ən ağır su çatışmazlığı olan region Şamaxı-Qobustan zonasıdır.

Ucnoqta.az xəbər verir ki, bunu "HİDROLOQ" MMC-nin baş mütəxəssis, texnika elmləri doktoru, əməkdar mühəndis Əhməd Məmmədov Bakı Su Həftəsi Beynəlxalq Konfransında ("Baku Water Week Conference") deyib.

O bildirib ki, bu zonalar Bakıya çox yaxındır, həm də turizm və kənd təsərrüfatının inkişafı üçün əlverişlidir.

“Çox təəssüflər olsun ki, ərazidə su çatışmazlığı olduğu üçün çox ciddi sıxıntılar yaranır. Bunu, əsasən, yay aylarında müşahidə edirik. Şamaxı və Qobustan şəhəri şəhər olaraq su ilə təmin olunublar, amma bu zonada 38 kənd ciddi su sıxıntısı ilə qarşı-qarşıyadır, bulaqlar quruyur, su yoxdur.

Təklif edirik ki, Ağsu çayının bir qolu üzərində, Basqal kəndinin ərazisində bir su anbarı tikilsin. Girdimançayın istifadə olunmayan su ehtiyatının bir hissəsi bura axıdılır və bu anbardan da Şamaxı şəhərinin girişinə su veririk.

Yəni apardığımız araşdırmalara görə, ildə bu zonalara təxminən 50 milyon kubmetrə qədər su vermək olar. Təsəvvür edin, 1 kubmetr suya ehtiyacı olan bu əraziyə ildə 50 milyon kubmetr su vermək bu ərazidə intensiv bağçılığın inkişafına təkan yaradar. Həm də burada heç bir nasosdan istifadə olunmayacaq”, - deyə o qeyd edib.///trend

Xəbər xətti