Gürcüstanın iqtisadiyyat naziri Levan Davitaşvili Bakı-Supsa neft kəməri ilə neft nəqlinin 2024-cü ildə bərpa olunacağına ümid edir.
Trend xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.
"Neft kəmərindən istifadə üzrə Azərbaycan tərəfinin mövqeyi çox vacibdir və burada biz intensiv dialoq aparırıq. Belə ki, bu boru kəməri 1999-cu ildən Azərbaycan nefti ilə fəaliyyət göstərib. Hazırda boru kəməri ilə Qazaxıstan neftinin tranziti müzakirə olunur, bu isə başqa növ neftdir. Fikrimcə, əsas məsələlərə aydınlıq gətirəcəyik və ümid edirik ki, bu il Qazaxıstan neftinin nəqli başlanacaq. Gələcəkdə ildə bir milyon tondan artıq neft aşıra biləcəyimizi düşünürük. Ümid edirəm ki, neft nəqli bu il başlayacaq", - Davitaşvili deyib.
Azərbaycan Respublikası Energetika Nazirliyindəki mənbə 2024-cü ildən başlayaraq Bakı-Supsa boru kəməri ilə Qazaxıstan neftinin nəql oluna biləcəyini Trend-ə təsdiqləyib.
Qeyd edək ki, Bakı-Supsa boru kəməri ildə 5 milyon tona qədər neft nəql etmək imkanına malikdir. Hazırda Bakı-Supsa boru kəməri ilə nəql dayandırılıb.