Bu il 35 milyon manata yaxın narkotik dövriyyədən çıxarılıb

11:00 - 13 Mart 2024 - ÖLKƏ İÇİ

Azərbaycanda bu ilin son iki ayında 35 milyon manata yaxın narkotik dövriyyədən çıxarılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun hesabatında qeyd olunub.

Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1980 cinayət faktı aşkarlanmışdır. Onlardan 566-sı narkotik vasitələrin qanunsuz satışı, 1411-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 3-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi ilə bağlı olmuşdur.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 1 ton 212 kq 963,32 qr narkotik vasitələrin və psixotrop maddələrin 156 kq 764,35 qr-nı heroin, 956 kq 069,646 qr-nı marixuana, 22 kq 542,606 qr-nı tiryək, 22 kq 849,45 qr-nı həşiş, 53 kq 320,665 qr-nı psixotrop maddələr, 1 kq 416,6 qr-nı digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 690 ədəd həb metadon, 186,3 qr güclü təsir edən maddə və 6 ədəd çətənə kolu qanunsuz dövriyyədən götürülmüşdür.

2024-cü ilin yanvar-fevral ayları ərzində qanunsuz dövriyyədən çıxarılmış 1 ton 212 kq 963,32 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 34 milyon 344 min AZN kimi qiymətləndirilir.

Məsuliyyətə cəlb edilmiş 17 xarici ölkə vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə 96 kq 387,564 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülmüşdür.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 43 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 500 kq 432,751 qr və 690 ədəd həb metadon narkotik vasitələr və psixotrop maddələr çıxarılmışdır.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 40-ı qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 331 kq 448,9 qr narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.

249 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 254 kq 730,1 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.

Təhlil göstərir ki, ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 55, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 93, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 6, digər növ cinayət faktların sayı 17, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 7, qrup halında olan cinayətlərin sayı 8 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 262 nəfər, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 138 kq 741,97 qr azalmış, narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə dilib saxlanılması ilə əlaqədar faktların sayı isə 61 fakt artmışdır.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 13892 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 399 nəfərdən 285 nəfəri istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

“802” qaynar xətt telefon zəng xidmətinə 84 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 25-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 27-si narkotik asılılıqdan müalicə, 32-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 52 məktub ünvanlanmışdır

Belə ki, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.

Xəbər xətti