Qurban Qurbanov "Qarabağ"dan AYRILIR? - AÇIQLAMA

16:11 - 12 Mart 2024 - İDMAN

Ötən gün sosial şəbəkələrdə və bir sıra KİV-də "Latsio" klubunun Qarabağın hazırki baş məşqçisi Qurban Qurbanovla maraqlandığı barədə məlumatlar yayılıb. Məlumata görə, İtalyalılar üç ildir klubu çalışdıran baş məşqçi Maurisio Sarri ilə yolları ayıraraq "Qarabağ"ın əsas çalışdırıcısı Qurban Qurbanovla anlaşmaq istəyir.

Belə ki, İtaliya klubu Azərbaycan komandasına məşhur mütəxəssis üçün 5 milyon avro təklif edə bilər. "Qartallar"ın bu transfer üçün "köhlən atlar"la danışıqlar apardığı bildirilir. 

Bəs bu məlumat həqiqəti əks etdirirmi?

Ucnoqta.az xəbər verir ki, məsələ ilə bağlı "Qarabağ" futbol klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Referans.az-a açıqlamasında yayılan məlumatları təkzib edib:

"Xeyr, yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu məsələni biz özümüz də internetdən və sosial şəbəkələrdən oxumuşuq. Hazırda hər hansısa bir ciddi və əhəmiyyətli transferdən söhbət getmir".

Qeyd edək ki, Azərbaycanın şöhrətli məşqçisi Qurban Qurbanovun "Qarabağ"la müqaviləsi gələn ilin yayında bitəcək. İtaliya çempionatının lideri "İnter"dən (28 oyun, 75 xal) 35 xal geri qalan "Latsio" hazırda 20 komanda sırasında 27 matçdan 40 xalla 9-cu pillədə qərarlaşıb.

Xəbər xətti