Azərbaycanda son illərdə qohum evliliklərinin sayı artıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova məlumat verib.
"Qohum nikahları" ilə bağlı ictimai müzakirə zamanı Komitə sədri bildirib ki, 2021-ci ildə Azərbaycanda qohumlar arasında 2363 nikah qeydə alınıb, onlardan 204-ü boşanıb.
"2022-ci ildə isə ölkədə 2542 qohum nikahı qeydə alınıb, onlardan da 608 nəfəri boşanıb. Bu rəqəmlər deməyə əsas verir ki, ölkədə qohum evliliklərinin sayı artıb", - Bahar Muradova deyib.
O əlavə edib ki, bu kimi evliliklərinin qarşısının alınması üçün ciddi tədbirlər görülməlidir.
Qohum evlilikləri ən çox Bakıda (742), Mil-Muğan (296) və Lənkəran-Astara (274) regionlarında qeydə alınıb.
Dövlət tərəfindən bu istiqamətdə lazımi tədbirlər görülür. Qanunvericiliyə dəyişikliklər edilir, yeni sənədlər qəbul edilir, maarifləndirmə işləri aparılır.
"Lakin, buna baxmayaraq, bəzi ailələrdə müşahidə olunan ənənəvi stereotiplərin, qohumların evlənməsinə müsbət yanaşılması kimi patriarxal düşüncələrin mövcudluğu belə nikah hallarının baş verməsinə səbəb olur. Qohumlar arasında nikahın mənfi nəticələrinin dövrün aktual və mühüm ailə problemlərindən biri olduğu nəzərə alınaraq beynəlxalq təcrübə öyrənilmiş və ABŞ-ın 24 ştatında, Çində, Cənubi Koreyada, Türkiyədə, Estoniyada, Ukraynada, Tacikistanda və Gürcüstanda baba və ya nənəsi ümumi olan şəxslər arasında nikahın bağlanmasının qadağan edildiyi məlum olub.
Bununla əlaqədar qohumlar arasında bağlanan nikahın doğura biləcəyi fəsadlarla bağlı ictimaiyyətin rəyi öyrənilərək baba və (və ya) nənəsi ümumi olan şəxslər arasında nikahın bağlanmasına yol verilməməsi məqsədilə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 12-ci maddəsində müvafiq dəyişiklik edilməsi təklif olunur", - tədbirdə qeyd olunub.
Qeyd edək ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12-ci maddəsinə əsasən yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar) arasında nikaha icazə verilmir.