Vatikan səfiri Roma Papasının danışıqlara çağırışına görə Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.
“Martın 11-də Ukraynadakı apostol nunsiosu Vişvaldas Kulbokas bu yaxınlarda Papa Fransiskin mətbuatda dərc olunmuş bəyanatlarına görə Ukrayna Xarici İşlər Nazirliyinə dəvət olunub”, - məlumatda deyilir.
Görüş zamanı səfirə Kiyevin Roma Katolik Kilsəsinin rəhbərinin bəyanatları ilə bağlı məyus olması barədə məlumat verilib.
Martın 9-da pontifik İsveçrənin RSI telekanalına müsahibə verib və bu zaman Ukraynadakı mövcud vəziyyəti şərh edib. Roma Katolik Kilsəsinin rəhbəri qeyd edib ki, məğlub olan tərəf cəsarət göstərməli və “ağ bayraq” qaldırmalıdır.