Kollecin direktor əvəzi işdən çıxarılıb

16:49 - 11 Mart 2024 - ÖLKƏ İÇİ

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktor əvəzi işdən çıxarılıb.

Bu barədə Ucnoqta.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, ötən ilin dekabr ayından etibarən Agentlik orta ixtisas təhsili müəssisələrində mütəmadi olaraq monitorinqlər aparır:

"Monitorinqlər zamanı kolleclərdə tədris prosesində mövcud olan problemlər, yol verilən nöqsanlar araşdırılır və onların aradan qaldırılması istiqamətində qəti tədbirlər həyata keçirilir. Göyçay Rayon Prokurorluğunun müvafiq qərarına əsasən Maliyyə Nazirliyi və Agentlik bu ilin yanvar ayının 29-dan etibarən Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində araşdırma aparır.

Araşdırma zamanı həmin kollecdə tədris prosesinin təşkili ilə əlaqədar ciddi nöqsanlar aşkarlanıb. Nəticədə kollecin tədris işləri üzrə direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Şahin Əliyev Agentliyin sədrinin bugünkü əmri ilə tutduğu vəzifədən azad edilib".

Xəbər xətti