Tbilisi Kiyevi qeyri-dost addımlarına görə tənqid edib

09:52 - 11 Mart 2024 - DÜNYA

Gürcüstan hökuməti Ukrayna hakimiyyətinin gürcü xalqına qarşı yönəlmiş qeyri-dost hərəkətlərindən narahat olduğunu bildirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Gürcüstan Nazirlər Kabinetinin bəyanatında deyilir.

“Gürcüstan iki il ərzində sarsılmaz olaraq Ukrayna dövləti və xalqı ilə həmrəyliyini ifadə edib, həmçinin Rusiyanın dost ölkəmizə hərbi təcavüzünü pisləyib.Gürcüstan beynəlxalq platformalarda hazırlanmış və Ukraynanın suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsini nəzərdə tutan 600-dən çox qərara rəsmən qoşulub, Rusiyanın hərbi təcavüzünü pisləyirik”, - bəyanatda deyilir.

Bildirilir ki, bunun fonunda Ukrayna hakimiyyətinin iki xalqın ənənəvi dostluğuna kobud şəkildə zidd olan bəzi qərarları təəssüf və narahatlıq doğurur.

Xüsusilə Gürcüstan hökuməti bir daha xatırladıb ki, bir sıra cinayət işlərinə görə vətənində qiyabi məhkum olunmuş Gürcüstanın keçmiş ədliyyə naziri Zurab Adeişvilinin bu yaxınlarda Ukrayna nümayəndə heyətinin tərkibində yüksək səviyyəli görüşlər keçirib.

Bundan əlavə, 2022-ci il martın 1-də Kiyev Gürcüstanın Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməkdən və Ukraynaya könüllülər göndərməkdən imtina etməsi səbəbindən Tbilisidəki səfirini geri çağırıb.

Xəbər xətti