“Rasim Balayev bacarıqlı aktyordur, amma ...” - Oqtay Mirqasımov

18:51 - 7 Mart 2024 - Mədəniyyət

Bakıda Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşməsi ilə bağlı konfrans keçirilib.

Konfransda iki kino qurumunun birləşməsi və beləliklə Azərbaycan Kinematoqrafçılar İttifaqı adlı yeni birliyin yaradılması qərara alınıb.

Sözügedən tədbirdə birləşmə qərarının əleyhinə çıxış edən yeganə şəxs isə tanınmış kinorejissor, ssenarist, prodüser, ARKİ idarə heyətinin katibi Oqtay Mirqasımov olub.

Bununla bağlı “Report”un sualını cavablandıran Oqtay Mirqasımov proseslər barədə fikirlərini bölüşüb:

“Mən birləşmə təklifini qəbul edənlərin birincilərindən olmuşam. Söhbət seçicilərdən gedirdi. AKİ üzvlərinin sayı ARKİ üzvlərinin sayından qat-qat çox idi. Nisbət 3:1 idi. AKİ-nin fəalları və komandirləri ilə dəfələrlə üzbəüz oturub, danışmışıq. Onlara demişdik ki, gəlin seçkiyə hər iki tərəfdən eyni sayda heyət seçək ki, söhbət təmiz olsun. Razı olmadılar. Təklif etdik ki, halallıq olsun deyə, hər iki tərəfdən sədr seçək, həmsədrlər olsunlar - Şəfiqə Məmmədova və Rasim Balayev. Hesab etdik ki, Azərbaycan xalqının mentallığına yaraşan bir iş ola bilər. Halallıq yaxşı şeydir. Amma onlar yox dedilər. AKİ tərəfdən Əli İsa Cabbarov adlı adam, əgər bunu tanıyan varsa, dedi ki, belə olan halda öz namizədliyimi irəli sürəcəyəm. Bizim idarə heyəti buna getməməli idi. Çünki iş elə qurulmuşdu ki, ədalətli seçki aparmaq qeyri mümkün idi”, - deyə O.Mirqasımov bildirib.

Rejissor qeyd edib ki, 1967-ci ildən Kinematoqrafçılar İttifaqının üzvü olub:

“Azərbaycanda vaxtilə bir Kinematoqrafçılar İttifaqı var idi. 1967-ci ildən mən də həmin ittifaqın üzvü idim. Sonradan müəyyən hadisələr baş verdi və mən oradan çıxdım. Bu, xoşagəlməz, hətta, məncə, iyrənc hadisələr idi. Biz yeni qurum olan ARKİ-ni yaratdıq. Digər qurum isə ləğv edilmədi, amma çox hörmətdən düşdü”, - deyə rejissor davam edib.

O xatırladıb ki, yaratdıqları quruma Xalq artisti Şəfiqə Məmmədovanı sədr seçiblər. O.Mirqasımov birləşmə ideyasına ilkin olaraq müsbət yanaşdığını söyləyib:

“Yaxşı ideya idi. Biz hamımız deyirdik, yazırdıq ki, birləşmə pozitiv addımdır. Sonra hər iki ittifaqın tərkibini müəyyənləşdirdik. Digər ittifaqın iclasda iştirak edəcək tərkibi isə getdikcə artırdı. İş orasındadır ki, uzun müddət AKİ-nin üzvlüyünə ekstra qəbul elan olunmuşdu. Onlar üzvlərinin sayını süni surətdə artırırdılar. Mən 1959-cu ildən kinodayam. Kino adamlarının demək olar ki, hamısını tanıyıram. Amma sözügedən seçki keçirilən salonda xeyli naməlum adamları gördüm. Onlar da mandatlarını çox böyük məmnuniyyətlə qaldırırdılar”.

O.Mirqasımov Rasim Balayevin idarəçilik və rəhbərlik təcrübəsinin olmadığını əlavə edib:

“Rasim Balayev bacarıqlı, məşhur aktyordur, amma idarəçiliyi bacarmır. Onun idarəçilik təcrübəsi yalnız bütün işlərin başında duran başqa bir şəxsin göstərişlərini icra etməkdir. O, sadəcə kağızlara qol çəkirdi. Bunu cəsarətlə deyirəm. Çünki mən onunla dostam, filmlərimdə də çəkilib. Uzun illərdir, eyni istiqamətdə çalışırıq. Amma düzünü demək lazımdır”.

Xəbər xətti