Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) Avropa Polis Agentliyi (Avropol) ilə məxfi məlumatların mübadiləsinə dair saziş imzalayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, "Gürcüstan və Avropa Polis Agentliyi arasında məxfi məlumatların mübadiləsi və mühafizəsi haqqında" sazişi Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili və Avropolun icraçı direktoru Ketrin de Bolle imzalayıblar.
Sənəd Gürcüstan və Avropol arasında 2017-ci ildə hazırlanmış əməliyyat və strateji əməkdaşlıq haqqında çərçivə sazişinə əsaslanır. Dövlət Təhlükəsizliyi Xidmətindən əlavə ediblər ki, yeni saziş cinayətkarlığa qarşı mübarizəni daha da gücləndirməyə imkan verəcək.
Gürcüstan və Europol arasında saziş respublika parlamenti tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə minəcək.