Paytaxtda kirayə qalan şəxslər cərimələnib.
Ucnoqta.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.
Vətəndaş bildirib ki, Bakı qeydiyyatı olmadığına görə, kirayə qalan 2 nəfər 62 manat məbləğində cərimələnib.
Məlumatda o da qeyd edilib ki, polis əməkdaşları ev sahibinin də 400 manat cərimələndiyini deyib.
Həmçinin ev sahibin polis idarəsinə dəvət olunduğu bildirilib.
Ölkə.Az xatırladır ki, İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsinə görə, vətəndaşın yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə, ya xəbərdarlıq edilir və ya otuz manat məbləğində cərimə edilir.
Vəzifəli şəxslər tərəfindən fiziki şəxsləri qeydiyyata almaqdan əsassız imtina edilməsinə, qeydiyyata almaq üçün qanunvericilikdə nəzərdə tutulmayan sənədlər tələb edilməsinə, habelə qeydiyyata almaqda süründürməçiliyə yol verilməsinə görə isə beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi da daha əvvəl verdiyi açıqlamada vəziyyətə aydınlıq gətirib:
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələbinə görə, yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra yeddi gün ərzində ərazi üzrə polis orqanına məlumat verməklə olduğu yer üzrə qeydiyyata düşməlidir.
Əgər vətəndaş cərimə tətbiq olunduqdan sonra qeydiyyatsız yaşamağa davam edirsə, bu, təkrar məsuliyyət yaradır.
Əhali olduğu yer üzrə qeydiyyata düşən zaman müvəqqəti yaşadığı evin çıxarışı tələb edilmir” - məlumatda deyilir.///olke.az