Xocalı soyqırımından 32 il keçir.
Ucnoqta.az xəbər verir ki, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etdi.
Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunaraq artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş tutuldu. Qısa müddət ərzində şəhərdə yanğın baş verdi. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur oldu. Bir gecənin içərisində qədim Xocalı yerlə yeksan edildi.
Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçdı. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələyir, onlara amansız divan tuturdular. Beləliklə, soyuq, qarlı fevral gecəsində nə qədər qız-gəlin əsir düşdü, girov oldular. Nə qədər insan erməni silahından yayınıb meşələrə, dağlara qaçsalar da onların çoxu soyuqdan, şaxtadan məhv oldular.
Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qaldı. 150 nəfərin taleyi hələ də məlum deyildir.
Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar olub.
Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirdi.
Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilib.
1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral - Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib.
Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə "Ana harayı" adlı abidə ucaldılıb.
Heydər Əliyev Fondu da Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Fondun dəstəyi və təşkilatçılığı ilə soyqırımla bağlı xüsusi layihə çərçivəsində dünyanın bir sıra ölkələrində aksiyalar, silsilə tədbirlər, sərgilər, anım mərasimləri keçirilir.
44 günlük Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli siyasəti, şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində işğal altında olan torpaqlarımız azadlığa qovuşdu, Xocalıda soyqırımına məruz qalanların qisası döyüş meydanında alındı.
Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib.
Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Ağdərə, Əsgəran, Xocavənd, Xankəndi ilə yanaşı, Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.