"Futbolçulara hələ orada demişdim ki, ..." - Qurban Qurbanov

13:24 - 21 Fevral 2024 - İDMAN

"İlk oyunun hesabı bizi aldatmamalıdır".

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Portuqaliyanın “Braqa” klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu ərəfəsində mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis ilk görüşdə səfərdə 4:2 hesablı qələbə qazanmalarına baxmayaraq, ehtiyatı əldən verməyəcəklərini bildirib:

“Çox vacib, dəyərli oyundur. Bu matç ətrafında çox danışmaq istəmirəm. Fikrimizi tam rəqibə yönəltmişik. Cavab qarşılaşmasında daha intizamlı oynamalıyıq. İnanıram ki, futbolçularımız soyuqqanlı olacaq və düzgün oynayacaqlar. Matçı yaxşı notda başa vurmaq istəyirik. Şans varsa, bundan istifadə etməyə çalışacağıq".

Baş məşqçi "Braqa"nın böyük klub olduğunu vurğulayıb: "Braqa" böyük klubdur. Azarkeşlərinin qələbə tələb etməsi gözləniləndir. Başqa cür ola bilməz. Çünki onların mərhələ keçmək şansı daha çox idi. "Braqa"nın gücünü bilirik. Onların keyfiyyətinə, bacarığına bələd idik. Qələbə qazanmağımız o demək deyil ki, biz onlardan üstünük. Futbolçulara hələ orada demişdim ki, Bakıdakı qarşılaşmada daha yaxşı oynamalıyıq ki, bu rəqibi üstələyək. "Braqa"nın rəqibə xoş olmayan oyun üslubu, böyük təcrübəsi var. İllərlə bu cür gərgin oyunlar keçiriblər, buna öyrəşiblər".

Qeyd edək ki, fevralın 22-də keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq.

Xəbər xətti