Adnan Oktar cinayət təşkilatına qarşı yeni iş açılıb.
Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1075 il həbs cəzası alan Oktarın üzvlərini yaşatmaq üçün təşkilatı yenidən strukturlaşdırdığı ortaya çıxıb. “Mövcud strukturlaşma” ilə bağlı aparılan istintaq çərçivəsində 20 təqsirləndirilən şəxsə qarşı iddia qaldırılıb.
O, 1075 il müddətinə azadlıqdan məhrum edilib. Bununla belə, təşkilatçılıq fəaliyyətini dayandırmayıb. Cinayət təşkilatını dirçəltmək üçün silsilə cəhdlər edən Adnan Oktar haqqında yeni iddia qaldırılıb.
İstanbul Respublika Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosu Adnan Oktar mütəşəkkil cinayət təşkilatının hazırkı strukturu ilə bağlı araşdırmasını başa çatdırıb. İddianamədə Adnan Oktarın təşkilatçılıq fəaliyyətini həbsxanadan davam etdirdiyi bildirilib. Oktarın bu prosesi təşkilatın şübhəli üzvləri Meltem Daban, Ferhunde Eda Babuna və vəkillərlə birlikdə idarə etdiyi qeyd edilib.
İddianamədə sosial media vasitəsilə təşkilata yeni üzvlər cəlb etmək üçün işlərin aparıldığı izah edilib. Adnan Oktarın təşkilatı yaşatmaq üçün “hüquqi yardım” adı altında 15 gün ərzində 200 vəkillə görüşdüyü də vurğulanıb.
İddianamədə Adnan Oktar da daxil olmaqla 20 şübhəli var. Adnan Oktar, Meltem Daban və Ferhunde Eda Babunaya 43 il 6 aya qədər həbs cəzası istənilib. Həmçinin təşkilatın digər üzvləri tərəfindən törədilən bütün cinayətlərə görə onun günahkar kimi cəzalandırılması istənilib. Digər 17 müttəhim üçün bir çox cinayətlərə görə müxtəlif həbs cəzaları istənilib.