Ceff Bezos keçən həftə qurduğu e-ticarət şirkəti Amazon-un dəyəri 4 milyard dollardan çox olan 24 milyon səhmini satıb.
Ucnoqta.az xəbər verir ki, “Financial Times” ABŞ tənzimləyicilərinə istinadən məlumat yayıb. Standard & Poor's-a görə, Bezos son səhm satışlarından sonra təxminən 9% payla Amazonun ən böyük səhmdarı olaraq qalır.
Daha əvvəl məlumat verildiyi kimi, sahibkar digər layihələri həyata keçirmək üçün bir il ərzində şirkətin 50 milyonadək səhmini satmaq niyyətindədir. Plan 2023-cü ilin noyabrında razılaşdırılıb.
Qiymətli kağızların hazırkı qiyməti ilə onların ümumi dəyəri təxminən 8,6 milyard dollar təşkil edəcək.
Amazon 1994-cü ildə onlayn kitab mağazası kimi yaradılıb. İndi o, İnternet vasitəsilə mal və xidmətlər satan dünyanın ən böyük korporasiyalarından biridir. Bezos hazırda Bloomberg-in dünyanın ən varlı adamları siyahısında üçüncü yerdədir. Onun sərvəti 185 milyard dollar qiymətləndirilir.
İş adamı həm də Blue Origin aerokosmik şirkətinin yaradıcısıdır.