Fevralın 8-i Zaqatalada 2 azyaşlının ölümünə səbəb olan yol qəzasını törətməkdə şübhəli bilinən sürücü Emin İbrahimov həbs edilib.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Zaqatala Rayon Məhkəməsinin qərarı ilə sürücü barəsində istintaq müddəti üçün 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - sürücülük hüququ olmadan şəxs tərəfindən törədildikdə) maddəsi ilə açılmış işin istintaqı davam etdirilir.
Qeyd edək ki, Emin İbrahimov əvvəllər Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə məhkum olunub. Həmçinin onun sürücülük hüququnun olmaması üzə çıxıb. Bildirilib ki, saat 13 radələrində E.İbrahimov etibarnaməsiz idarə etdiyi “Mercedes” markalı 39-BB-320 dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonunun Göyəm kəndi ərazisində hərəkətdə olarkən sərt döngədə idarəetməni itirməsi nəticəsində yolun kənarı ilə gedən 2013-cü il təvəllüdlü 3 məktəblini vurub.
Nəticədə azyaşlılardan Ramazan İsayev və Kamal Permadov hadisə yerində həyatlarını itirib, İbrahim İbrahimzadə isə xəsarətlə Zaqatala rayon Diaqnostika Mərkəzinə yerləşdirilib. Dərhal hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Avtomobilin vurduğu uşaqların 3-ü də 5-ci sinif şagirdi imiş.
Hadisəni törədən Emin İbrahimov yaşadığı rayonda “Qatil Emin” adı ilə tanınıb.