Hindistanın şimalındakı Uttarxand əyalətinin Haldvani şəhərində mədrəsə və məscidin sökülməsi ilə bağlı yerli sakinlər ilə polis arasında toqquşma nəticəsində 4 nəfər ölüb, 250-dən çox insan yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
"Bandhulpurda baş verən zorakılıq nəticəsində 4 nəfər həlak olub, 100-dən çox polis yaralanıb", - polis sözçüsü jurnalistlərə bildirib. Toqquşmalarda yerli administrasiya nümayəndələri və jurnalistlər də daxil olmaqla 150-dən çox iştirakçı yaralanıb.
Qarşıdurma cümə axşamı axşam saatlarında bir qrup dövlət məmuru polisin müşayiəti ilə rəhbərliyin və məhkəmənin tikintisini qeyri-qanuni elan etdiyi mədrəsə və yaxınlıqdakı məscidi sökməyə başlayanda baş verib. Bu addım rayon sakinlərinin şiddətli müqaviməti ilə qarşılaşıb. Onlar polisə daş atmağa başlayıblar. Polis idarəsinin yaxınlığında odlu silahdan istifadə və nəqliyyat vasitələrinin yandırılması barədə məlumat verilib.
Hadisə yerinə gələn əlavə qüvvələr gözyaşardıcı qazdan istifadə ediblər. "Polis hücuma məruz qalıb, polis bölməsi dağıdılıb və iğtişaşçılar stansiyanın içərisində polis məmurlarını yandırmağa cəhd ediblər", - Nainital rayon hakimi Vandana Sinq bildirib.