ABŞ Rusiyadan S-400 zenit-raket komplekslərinin alınmasını bəhanə edərək Türkiyəni F-35 qırıcı proqramından kənarlaşdırıb. Bu səbəbdən Ankara itkilər verdi və əməliyyat imkanları zəiflədi.
Ucnoqta.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “A-haber” telekanalına açıqlamasında deyib.
"F-35 proqramından kənarda qalma problemi bizim siyasətimizin və hava hücumundan müdafiə imkanlarımızı təkmilləşdirmək istəyimizin əksi idi. NATO tərəfdaşlarından gözlənilən dəstəyi ala bilmədik və Rusiya ilə S-400-də razılaşmamız oldu. Amerikalılar bunu öz qanuni çərçivələrində bəhanə kimi istifadə etdilər”, - o, bildirib.
Fidan qeyd edib ki, Türkiyə bu təyyarələrin “yalnız müştərisi deyil, həm də onların komponentlərinin istehsalçılarından biri olub”.
"Maliyyə itkiləri ilə yanaşı, əməliyyat imkanlarımızda da itiririk. Hazırda bu itkilərin aradan qaldırılması üzərində işləyirik. Ölkəmizin müvafiq qurumları dəymiş maddi ziyanın ödənilməsi məsələsi üzərində fəal işləyir", - nazir bildirib.