Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 2 Fevral-Gənclər Günü münasibətilə şimal-qərb bölgəsinin təhsil müəssisələrində çalışan bir qrup gənc müəllimlə görüş keçirilib.
Ucnoqta.az xəbər verir ki, tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən, müdir müavini Günay Mahmudova, İdarənin müvafiq struktur bölmə rəhbərləri, o cümlədən 6 rayonun - Şəki, Qax, Balakən, Zaqatala, Oğuz, Qəbələ rayonlarının komitə sədrləri və və gənc müəllimlər iştirak ediblər.
İlk öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi, Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən, müdir müavini Günay Mahmudova gənc müəllimləri təbrik edərək, 2 Fevral - Gənclər Gününün tarixindən bəhs edib. Hər il fevralın 2-nin ölkəmizdə Gənclər Günü kimi qeyd edildiyini söyləyən G.Mahmudova Azərbaycanda Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Günay Mahmudova həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Müdir müavini son illər müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirildiyindən danışıb. Hər il gənc müəllimlərin sayının daha da artmasının gənclərin müəllimlik peşəsinə olan marağından xəbər verdiyini bildirib.
Gənclər Günü münasibətilə bütün gəncləri təbrik edən Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov 2 fevral “Gənclər Günü” 1997-ci ildə prezident Heydər Əliyevin Sərəncamı ilə təsdiq olunub. Bu günün təntənə ilə qeyd edilməsi Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının nümunəsidir. E. Usubov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini vurğulayıb.
ATİAHİ-nın Şəki rayon komitəsinin sədri Ziyafət Xasıyeva ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti çərçivəsində görülən işlərdən, bilavasitə gənclərin fəal iştirakı ilə həyata keçirilən tədbirlərdən danışıb, təhsil işçilərini əlamətdar gün münasibətilə təbrik edib.
Tədbirə dəvət olunan gənclər çıxış edərək Azərbaycan gəncliyinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildirib, gənc nəslin təlim-tərbiyəsi sahəsində daha səmərəli fəaliyyət göstərəcəklərinə əminliklərini ifadə ediblər.
Tədbirin sonunda xüsusi nailiyyətləri ilə fərqlənən gənclərə diplom və hədiyyələr təqdim edilib.
Sonda ədəbi-bədii kompozisiya nümayiş olunub.