Sabiq deputatın həbs müddəti uzadılıb

16:57 - 31 Yanvar 2024 - ÖLKƏ İÇİ

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə ibtidai istintaq davam edir.

“Report"un məlumatına görə, bu gün Nərimanov Rayon Məhkəməsində seçilmiş qətimkan tədbiri müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.

Hakim Vüsal Qurbanov seçilmiş qətimkan tədbirinin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmədiyini elan edərək təqdimatı təmin edib. Qərara əsasən, Bəydəmirlinin həbsdə saxlama müddəti daha 2 ay uzadılıb.

Qeyd edək ki, eks deputat ötən ilin iyulunda həbs olunub.

İttihama görə, bir nəfər vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onu rüsvayedici görüntülərlə hədələyərək 50 min manat pul tələb etdiyini deyib. O, bu il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.

Bəydəmirliyə qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 182.2.2–ci (hədə-qorxu ilə tələbetmə-təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xəbər xətti