"Azad edilən ərazilərdə ətraf mühitin qorunması əsas prioritetdir"

13:43 - 26 Yanvar 2024 - ÖLKƏ İÇİ

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev işğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərində ətraf mühitin qorunmasının əsas prioritet olduğunu bildirib.

"Report" xəbər verir ki, o, bunu ekoloji məsələlər üzrə işçi qrupun Zəngilanda keçirilən iclasında deyib.

"Təkcə keçən il ərzində Cəbrayıl, Zəngilan və Qubadlıda Prezident İlham Əliyevin iştirakı ilə 9 kənd, 1 qəsəbə, 3 şəhər mərkəzində müxtəlif yaşayış məhəllələri, məktəb, xəstəxana kimi təməlatmalar həyata keçirilib. Bu yaşayış kompleksləri insanların qayıdışlarına töhfə olacaq", - xüsusi nümayəndə qeyd edib.

V.Hacıyev vurğulayıb ki, hazırda bu istiqamətdə böyük işlər aparılır: "Cəbrayılın özündə də günəş elektrik stansiyaları tikiləcək. Gələcəkdə bütün inzibati binalarımızda, inşa olunan kəndlərdə "yaşıl enerji"yə töhfə üçün onlardan istifadə ediləcək. Bütün bu tikililərin hamısı bərpa olunan enerji vasitəsilə həyata keçirilir. Ağalı kəndində də bərpa olunan enerji vasitəsilə bütün enerji təminatı təmin edilir. "Ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyası innovativ yanaşmalar tətbiq olunacaq".

Xəbər xətti