Deloitte beynəlxalq konsaltinq şirkəti 2022/23 mövsümünün nəticələrinə əsasən ən gəlirli Avropa klublarının reytinqini tərtib edib.
Ucnoqta.az xəbər verir ki, 831 milyon avro qazanan "Real Madrid" birinci yeri tutub (ötən mövsümlə müqayisədə). İkinci yerdə İngiltərə Premyer Liqası (APL) və Çempionlar Liqasının qalibi "Mançester Siti" (826 milyon) qərarlaşıb. Şəhərlilər ötən mövsüm reytinqə başçılıq edirdi. "Paris Sen-Jermen" üçüncü yeri tutub (802 milyon).
Avropanın ən yaxşı 20 klubunun gəlirləri rekord oyun günü və reklam gəlirləri də daxil olmaqla, 14% artaraq 10,5 milyard avroya çatıb. Kommersiya gəlirləri 2015/16-cı ildən bəri ilk dəfə olaraq yayım gəlirlərini üstələyərək ən böyük qazanc mənbəyinə çevrilib.
Ən gəlirli klublar onluğuna həmçinin “Barselona” (800,1 milyon), “Mançester Yunayted” (745,8), “Bavariya” (744), “Liverpul” (682,9), London “Tottenhem” (631,5), “Çelsi” (589,4) və “Arsenal” (532,6) daxildir.