Yanvarın 23-də Lənkəran-Astara Regional Təhsil İdarəsi ilə Lənkəran-Astara Regional Məşğulluq filialı arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Ucnoqta.az xəbər verir ki, Əməkdaşlıq Memorandumu Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinə (məktəbəqədər, ümumtəhsil, məktəbdənkənar və xüsusi tipli təhsil müəssisələri) Lənkəran-Astara Regional Məşğulluq filialı tərəfindən texniki və yardımçı pedaqoji heyət vəzifələri üzrə işçilərin seçilməsi, onların rəsmiləşdirilməsi, eyni zamanda, proses zamanı tərəflərin məsuliyyət və öhdəliklərinin müəyyən edilməsi məqsədi ilə imzalanıb.
Qeyd edək ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində texniki və yardımçı pedaqoji heyət vəzifələri üzrə yaranmış vakansiyalar müəssisə rəhbərləri tərəfindən müvafiq dövlət orqanı tərəfindən yaradılmış alt sistemə daxil edilir.
Lənkəran-Astara Regional Məşğulluq filialı tərəfindən həmin vakant vəzifələr üzrə uyğunluq gözlənilməklə sosial müdafiəyə daha çox ehtiyacı olan ən uyğun namizədin işə qəbul edilməsi üçün göndəriş verilir. Göndərişi alan şəxsin işə qəbulu qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq təhsil müəssisəsinin rəhbəri tərəfindən rəsmiləşdirilir.