Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyi tərəfindən həyata keçirilən "Home Office" region gənclərinin virtual məşğulluğuna dəstək layihəsi çərçivəsində 18 yanvar 2024-cü il tarixində İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində tədbir keçirilib.
Tədbirdə İsmayıllı rayonundan olan gənclər, QHT nümayəndələri, ictimai fəal şəxslər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Həzrət Bədiyev qeyd edib ki, bu gün ölkəmizdə dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri əhalinin məşğulluğunun təmin olunması, işsizlik probleminin həlli istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi, layiqli iş yerlərinin yaradılması, məşğulluq sahəsində inklüzivliyin təmin olunması və sosial cəhətdən həssas əhali qruplarının əmək bazarında iştirakının artırılmasıdır. H.Bədiyev layihənin keçirilməsində əsas məqsədin işsiz region gənclərinin rəqəmsal bacarıqlarını inkişaf etdirmək və onların bu sahədə virtual məşğulluğunu təmin etməkdən ibarət olduğunu vurğuladı.
Tədbirdə iştirak edən təlimçi İsmayıl Fəxtiyev bu istiqamətdə gənclərin fəaliyyətinin artırılmasının zəruriliyini diqqətə çatdırdı. T. Alşanov bir saat ərzində gənclərə virtual məşğulluğun əsas istiqamətləri haqda məlumat verdi. Bu gün xüsusən xarici ölkələrdə aktual olan “remote iş” evdən işləmək bacarıqlarının inkişaf etdirilməsi üçün gənclərin hansı xarici və yerli şirkətlərə müraciət etmənin zəruri olduğunu vurğuladı. O, qeyd etdi ki, bu gün ənənəvi peşə sahələri ilə yanaşı müasir dövrün əmək bazarının tələblərinə uyğun yeni sahələr də yaranmış, kompüter və informasiya texnologiyalarının inkişafı, əməyin intelektuallaşması, internetin qloballaşması və yeni imkanlar yaratması nəticəsində əməyin təşkilinin ən müasir forması kimi “Virtual (məsafədən və ya distant) məşğulluq” anlayışı ortaya çıxmışdır. Virtual məşğulluğun klassik formadan bir çox üstünlüyünün olması işsizlik səviyyəsinin effektli şəkildə azaldılmasında, əməyin məhsuldarlığının artırılmasında, məşğulluq sahəsində inklüzivliyin təmin olunmasında xüsusi əhəmiyyət kəsb edir. Tədbirdə gənclərin sualları cavablandırıldı və sonda xatirə şəkli çəkildi.