Yunanıstan hökuməti bu il turistlərdən iqlim vergisi yığmağa başlayacaq; o, mövcud otel vergisini əvəz edəcək və sıx mövsümdə - martdan oktyabr ayına qədər qüvvədə olacaq
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə respublikanın hökumət bülletenində deyilir.
"Bu il Yunanıstan turistlər üçün yeni vergi tətbiq etdi. O, "iqlim böhranına davamlılıq haqqı" adlanır. O, mövcud otel vergisini əvəz edəcək. Yeni sistemə əsasən, bu vergilər yaşayış yerlərində martdan oktyabr ayına kimi toplanacaq. Səlahiyyətlilər gözləyirlər rüsumun təbii fəlakətlər zamanı yardımın göstərilməsi üçün yaxşı maliyyə dəstəyi olacaq”, - məlumatda deyilir.
Vergi məbləğinin otelin kateqoriyasından asılı olaraq dəyişəcəyi qeyd olunur.
Belə ki, 1 və ya 2* oteldə gecələmək üçün əlavə 1,5 avro ödəməli olacaqsınız, əvvəllər vergi 0,5 avro idi. 3* oteldə yerləşmə haqqı gündə 3 avro (əvvəllər 1,5 avro), 4* oteldə 3 avro əvəzinə 7 avro olacaq. Beşulduzlu otellərdə gündə əlavə 10 avro (əvvəllər 5 avro) ödəməli olacaqsınız.