Türkiyə Prezident Administrasiyası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi yerli sosial şəbəkələrdə Ayasofya məscidinin yenidən muzeyə çevriləcəyi ilə bağlı yayılan məlumatları təkzib edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə mərkəzin X şəbəkəsində məlumatında deyilir.
“Ayasofya məscidinin yenidən muzeyə çevrilməsi ilə bağlı deyilənlər həqiqətə uyğun deyil. Məscidə namaza gələnlərlə mədəni məqsədlərlə ziyarətə gələnlərin bir-birindən ayrılması, girişdə sıxlığın qarşısının alınması istiqamətində işlər yekunlaşıb. Qaydalar yanvarın 15-dən tətbiq edilir. Bu qaydalar kontekstində Ayasofya məscidinin muzeyə çevrilməsi mümkün deyil”, - deyə səlahiyyətlilər bildirib.
Mərkəz izah edib ki, namaz qılmağa gələn dindarlardan heç bir ödəniş alınmayacaq və turistlər bilet almalı olacaqlar.